Üzümün uzunmüddətli saxlama qaydaları-FERMERLƏRƏ TÖVSİYYƏLƏR

1Üzüm özünün insan orqanizminə müsbət təsir göstərən müstəsna qida və müalicəvi xüsusiyyətlərinə görə əvəzolunmaz bir məhsuldur. Sübut edilib ki, üzüm gilələrinin tərkibindəki bioloji aktiv komponentlər maddələrin sintezini nizamlayır. Fizioloji və qida dəyərinə görə üzümün biokimyəvi tərkibini daha çox şərtləndirənlər monosaxaridlər (qlükoza və fruktoza), üzvi turşular, mineral duzlar və mikroelementlər, sellüloza, pektin, dabbaq, azot, boya, ətir və digər maddələrdir.

Üzümün özü-özlüyündə mövsüm bitkisi olmağı onun təzə halda satışda olmasını 3-4 ay müddəti ilə məhdudlaşdırır. Bu baxımdan üzümün istehlak müddətinin artırılması məqsədilə aşağıdakı addımları atmaq məqsədəuyğun olar:

  1. Üzümün təzə halda istehlak müddətini uzatmaq məqsədilə ölkəmizdə mövcud olan bütün iqlim zonalarında süfrə üzümü bağlarının salınması;
  2. Eyni təsərrüfatlarda müxtəlif yetişmə müddətinə malik (çox ertədən gec yetişənlərədək) sortların becərilməsi;
  3. Qış aylarında soyuducularda saxlanan üzümün miqdarının artırılması.

Uzun müddət saxlama və məhsulun emalı prosesində bioloji aktiv maddələrin maksimal dərəcədə qorunması probleminin həllinin aktuallığı getdikcə artmaqdadır. Üzüm bir pəhriz məhsuludur; üzümün müalicəvi əhəmiyyətə malik olması onun əsəb sisteminin zəifliyinin, halsızlıq və avitaminozun müalicəsində istifadəsinə imkan verir. Düzgün saxlandıqda sortundan asılı olaraq, üzümün 1 kq-nda qlükoza və fruktoza şəklində 150-200 qr və daha artıq şəkər, 0,5-1,4% üzvi turşular (şərab, alma və s.), A (karotin), B2 (riboflavin), C (askorbin turşusu), adermin və P (sitrin) vitaminləri, 0,3-1,5% mineral maddələr (fosfor, kalium, dəmir, kalsium və s.) 0,1-0,9% zülal maddələri, 0,3-1% və daha artıq  pektin maddələri olur.

Üzümün saxlanmaya davamlılığı dedikdə salxımların bir neçə ay ərzində təzə halda gözəçarpacaq itki olmadan, fitopatogen və fizioloji xəstəliklərə məruz qalmadan və orqanoleptik göstəricilərin yüksək keyfiyyətini saxlamaq qabiliyyəti nəzərdə tutulur. Saxlanma qabiliyyətinin göstəriciləri standarta uyğun gələn məhsulun çıxımı, itkilərin miqyası və saxlanma müddətidir.

Üzümün uzun müddət müvəffəqiyyətlə saxlanmasını şərtləndirən  ən əsas amil sortun fərdi xüsusiyyətləridir. Üzümçülüyün çoxəsrlik təcrübəsi göstərir ki, sort məhsulun kəmiyyətini və keyfiyyətini təyin etməklə bərabər, həmçinin, onun saxlanmasına da həlledici təsir göstərir. Ən yaxşı süfrə sortlarının heç də hamısı uzun müddət saxlanmaya və uzaq məsafələrə daşınmağa yararlı deyillər. Onlardan bir çoxu, əla dadı olduğu halda, qabıqlarının çox zərif olması səbəbindən saxlanmaya davamlı deyillər.   Saxlanma üçün əsasən gecyetişən üzüm sortları yararlıdır. Gecyetişən sortları tam xarakterizə etmək üçün onların saxlanmaya davamlılığına, dadına və xarici görkəminə nəzarət edərək saxlanma  dövrü ərzində öyrənilməsi vacibdir.

Uğurlu saxlamanı şərtləndirən başlıca amil üzümün sortudur. Saxlanma üçün əsasən gecyetişən üzüm sortları yararlıdır. Saxlama kameralarının məhsul qəbuluna hazırlanmalı və saxlama dövrü boyunca müvafiq temperatur-nəmlik rejiminə ciddi riayət edilməlidir. Zərərverici mikrofloranın təsirini azaltmaq məqsədilə müvafiq vəsaitlərdən, əsasən də kükürd anhidridindən istifadə etməklə fumuqasiya tətbiq edilir. Hal hazırda saxlama kamerasında havanın tərkibini dəyişməklə üzümdə metabolizm proseslərini ləngitməyə, və, beləliklə də, məhsulun daha çox müddət təzə halda saxlamağı imkan verən kontrollu hava kameralarından geniş istifadə edilir.

Süfrə üzümünü tənək üzərində uzun müddət saxlamaq üçün isə aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir:

  1. Sortları düzgün seçməli – bunun üçün əsasən gec və çox gecyetişən, əmtəəlik görünüşü yüksək olan sortların əkilməsi məsləhətdir. Məsələn: Ağadayı, Kəhraba, Hüseyni, Xalac, Dərbəndi, Mərəndi, Çəhrayı tayfı, Red qlob, Ağ Salyanı və s.
  2. Üzüm tənəkləri mütəmadi nəzarətdə saxlanılmalı və boz çürümə xəstəliyinə qarşı bir neçə dəfə (sentyabr-dekabr ayının əvvəllərinə qədər) funqisidlərlə- Kumulus 6-8 kq /ha, Botran 1,5-2,0 kq/ha, Heradion 1,0-1,5 kq/ha və s. çilənməlidir.
  3. Suvarılan üzümlüklərdə su rejimi gözlənilməlidir, əgər sentyabr və oktyabr aylarında havalar isti və quraq keçərsə üzümlüklər bir neçə dəfə suvarılmalıdır. Üzümlüklərin suvarma rejiminə düzgün əməl edilmədikdə, payızın əvvəllərində düşən yağışlar gilələrin partlamasına səbəb olmaqla, üzümün cürüməsinə gətirib çıxarır.
  4. Üzüm yığımı dövründə məhsulun yığılmasında müəyyən səbəblərdən gecikmələr baş verdikdə, o cümlədən müvafiq süfrə üzüm sortlarını tənək üzərində uzun müddət saxlamaq lazım gəldikdə, eləcə də məhsulu bu və ya digər təsirlərdən (vəhşi heyvanlardan, arılardan, quşlardan və s.) qorumaq üçün xüsusi torlardan istifadə edilməsi məqsədəuyğundur.

Comments are closed