Üzüm-şərab istehsalında innovativ texnologiyalara həsr olunmuş təlim

nXkeQ1YYlopffSLIoYPW1UqWjs7LtnPZ5u6y3Q3iRespublikanın qərb bölgəsində üzümçülük-şərabçılıq sahəsində fəaliyyət göstərən kiçik və orta fermer təsərrüfatları üçün Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzində “Üzüm-şərab istehsalında beynəlxalq standartların və innovativ texnologiyaların tətbiqi” mövzusunda təlim keçirilib. Təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilən və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra edilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” regional proqramına əsasən həyata keçirilib.

Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə birgə təşkil olunmuş təlimin əsas məqsədi Azərbaycanda özəl sektorun inkişafına dəstək olmaq, peşə təhsili və təlimi sahəsinə xüsusi diqqət yetirərək, iqtisadi inkişaf proseslərinin planlaşdırılması və icrasının yaxşılaşdırılmasıdır. Təlimdə institutun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov “Üzümçülükdə innovativ becərmə texnologiyaları, risklər və onlara qarşı tədbirlər” mövzusunda çıxış edərək, aqrotexniki, aqrokimyəvi, inteqrir mübarizə tədbirləri, üzümçülükdə risk amilləri və qarşıya çıxan risklərin mənfi təsirlərindən sığortalanmaq məqsədilə preventiv tədbirlər, o cümlədən Gəncə-Qazax bölgəsində, xüsusən də Şəmkir, Göygöl, Tovuz rayonlarında üzümçülük və şərabçılığın inkişaf tarixi, bölgənin aqropotensialı, üzümçülüyün inkişaf perspektivliyi ilə bağlı məlumat verib.

Səlimov qeyd edib ki, Şəmkir, Göygöl və Tovuz rayonları üzümçülüyün qədim vətənlərindən olmaqla yanaşı Azərbaycanda sənaye üzümçülüyünün ilk inkişaf etdirildiyi ərazilərdəndir. Vaxtilə bu rayonlarda məskunlaşmış alman koloniyaçıları şərabçılığın sənaye üsulu ilə inkişafını həyata keçirmişdilər. 80-ci illərdə bu üç rayon üzrə üzümlüklərin sahəsi 30 min hektardan çox idi. Həmçinin bu bölgədə yaşayan əhali üzümçülüklə məqsədyönlü şəkildə məşğul olaraq Azərbaycanda əhəmiyyətli yer tutan onlarla qiymətli yerli üzüm sortlarını təbiətə bəxş etmişlər. Vaxtilə bölgənin düzən ərazilərində bitən texniki üzümlərdən yüksək keyfiyyətli desert şərablar – Qaraçanaq, Azərbaycan; markalı portveynlər – Ağstafa, Alabaşlı; ordinar Portveyn “777”, Qarayeri, Qızıl şərbət, Dəllər; turş süfrə şərabları Alşərab № 25, Sadıllı; kəmşirin Tovuz şərabı və s. istehsal olunurdu. “Azərbaycanın ən məhsuldar texniki üzüm sortu olan Bayanşirə və qiymətli süfrə istiqamətli üzüm sortu olan Təbrizi bölgənin ən qədim aborigen üzüm sortlarındandır. Həmçinin bu bölgədə aborigen üzüm sortlarından Gəncə qızıl üzümü, Gəncə qara keçiməməsi, Tatlı, Qaraşirə və Şal üzümü də geniş əkilib-becərilir. Bu bölgə süfrə üzümü, süfrə, desert və tünd şərablar, şampan, konyak və konyak materialı, üzüm şirəsi istehsalı üçün perspektivlidir” – deyə V.Səlimov bildirib.

Tədbirin ikinci hissəsində institutun “Üzümün emalı və şərabın texnologiyası” şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Teymur Musayev  “Beynəlxalq standartlara əsaslanan şərab istehsalı” mövzusundakı çıxışında şərabların təsnifatı, ağ və qırmızı şərabların istehsal texnologiyası, şərabların keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı məlumat verib.

Texnika üzrə fəlsəfə doktoru, dosent Mövlud Hüseynov isə  “Şərabların qüsur, xəta və xəstəlikləri, onlara qarşı tətbiq olunan texnoloji və mikrobioloji üsullar” mövzusunda çıxış edərək, şərabların keyfiyyətinə təsir edən, o cümlədən, onların keyfiyyətini formalaşdıran və qoruyan faktorlar, şərablarda müxtəlif səbəblərdən yaranan qüsurlar, çatışmazlıqlar, xəstəliklər, onların qarşısının alınması üsulları və şərabların normativ sənədlərdə miqdarı məhdudlaşdırılan zərərsizlik göstəriciləri haqqında danışıb.

Təlimdə üzümçülük və şərabçılığa dair fikir mübadiləsi və müzakirə aparılıb, fermerlərə “Üzümçülükdə innovativ diferensial texnologiyalar və risklər” kitabı paylanılıb.

Sonda Şəmkir rayonu Qapanlı kəndinin Nazik Su ərazisində yerləşən Maisə İsayevaya məxsus 5 ha üzüm bağı olan fermer təsərrüfatına baxış keçirilib və mövsümi aqrotexniki, aqrokimyəvi, inteqrir mübarizə tədbirlərinin aparılması barədə istehsalçılara praktiki bilgilər verilib. Baxış zamanı üzümün xəstəlik və zərərvericilərdən qorunmasına düzgün və vaxtında əməl edilmədiyindən sahədə becərilən Red qlob, İtaliya muskatı və digər sortlarda xeyli dərəcədə çürümələrin olduğu aşkar edilib. Bu da üzümün əmtəəlik keyfiyyətinə və məhsuldarlığına mənfi təsir edərək istehsalçının iqtisadi zərərə düşməsinə səbəb olub. Fermer təsərrüfatının sahibi Maisə İsayeva gələcəkdə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcəyini vurğulayaraq,  alim və mütəxəssislərin aqroməsləhətləri əsasında becərmə və mühafizə işlərinin həyata keçirəcəyini bildirib.

nXkeQ1YYlopffSLIoYPW1UqWjs7LtnPZ5u6y3Q3i

Comments are closed