Üzümçülük və Şərabçılıq ET İnstitutunda aparılan elmi-tədqiqat işlərinin aktual problemləri
Respublikada üzüm genofondunun qorunub saxlanması və zənginləşdirilməsi məqsədilə yox olmaq təhlükəsi ilə üzləşən nadir yerli üzüm sortlarının aşkar edilməsi, toplanması, öyrənilməsi və artırılması;
Mütərəqqi seleksiya üsullarından istifadə etməklə yeni süfrə və texniki istiqamətli üzüm sortlarının və hibrid formalarının yaradılması;
Qiymətli yerli üzüm sortlarının klon seleksiyası yolu ilə yaxşılaşdırılması;
Respublikanın cənub bölgəsində yayılmış yabanı üzüm formalarının aşkar edilib öyrənilməsi, təsərrüfat cəhətdən qiymətli nümunələrin müəyyənləşdirilməsi və xəstəlik-zərərvericilərə qarşı davamlı sortların yaradılması istiqamətində aparılan seleksiya işlərində başlanğıc material kimi istifadə edilməsi;
Calaq komponentlərinin ilkin stratifikasiyasını istisna edən və yüksək ting çıxımını təmin edən calaq edilmiş üzümün səmərəli becərmə texnologiyasının işlənib hazırlanması;
Mövcud becərmə aqrotexnikasının təkmilləşdirilməsi, fermer və digər özəl üzümçülük təsərrüfatlarında tətbiq edilməsi, üzüm sortlarına verilən müxtəlif yük normalarının üzümün məhsuldarlığına və məhsulun keyfiyyətinə təsirinin öyrənilməsi;
Xəstəlik və zərərvericilərə qarşı tətbiq edilən tədbirlər sisteminin təkmilləşdirilməsi, yeni səmərəli mübarizə üsullarının işlənib hazırlanması, müxtəlif pestisidlərin sınaqdan keçirilməsi və səmərəliliyinin müəyyənləşdirilməsi;
Abşeron rayonunun torpaq-iqlim şəraitində müxtəlif gübrə normalarının üzüm sortlarının məhsuldarlıq və keyfiyyət göstəricilərinə təsiri amilinin öyrənilməsi;
Poliakrilamidin kükürdlə suda suspenziyası və mis kuporosu ilə poliakrilamidin suda məhlulunun üzümlüklərdə oidiuma və mildiuya qarşı təsirinin öyrənilməsi;
Ekoloji cəhətdən təmiz kişmiş və mövücün istehsalı üçün yararlı sortların müəyyən edilməsi və yüksək tezlikli avadanlığın tətbiqi ilə üzümün süni qurudulması texnologiyasının təkmilləşdirilməsi;
Ağ və qırmızı süfrə, çəhrayı desert şərablarının istehsalı üzrə yeni texnologiyaların işlənib hazırlanması, şampan şərab materiallarının, likör, konyak və arağın hazırlanma texnologiyalarının təkmilləşdirilməsi.