Ampeloqrafik kolleksiya bağı

İnstitutun ampeloqrafik kolleksiya bağı
С
Bitki genetik ehtiyatlarının etibarlı qorunması və səmərəli istifadəsi hər bir ölkədə milli problem olub, bu məsələlərin reallaşdırılması yalnız milli proqramların həyata keçirilməsi əsasında mümkündür. Bu problemin qlobal xarakterli olması son illərdə Respub­likamızda bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair ciddi Dövlət tədbirlərinin həyata keçirilməsinə səbəb olmuşdur. Belə ki, bioloji müxtəlifliyin qorunması sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədilə Azərbaycan Respublikası 2000-ci ildə BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyasına qoşulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 mart tarixli, 1368 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli strategiya və fəaliyyət planı” ölkəmizdə yoxsulluğun aradan qaldırılması, ekoloji tarazlığın tənzimlənməsi, ölkədə olan bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi sahəsində səmərəli və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi və konkret nəticələrin əldə edilməsinə yönəlmiş, vaxtında imzalanmış tarixi bir sənəddir.
Üzüm genofondunun rəngarəngliyi, zənginliyi ilə seçilən, bu bitkinin ən qədim və əsas yaranma ocaqlarından olan Azərbaycan üçün müasir tipli Milli Ampeloqrafik Kolleksiya bağının yaradılması ümummilli və tarixi bir məsələdir. Ona görə də respublikada mövcud olan kolleksiyalar yenidən müasir tələblər səviyyəsində qurulmalı, daim zənginləşdirilməli, maddi-texniki bazaları yaxşılaşdırılmalı və onlar Milli Kolleksiyalara çevrilməlidir. Ampeloqrafik kolleksiya bağlarının müasir tələblər səviyyəsində qurulması və davamlı mühafizəsi milli sərvətimiz olan aborigen üzüm genofondunun etibarlı şəkildə qorunmasını və səmərəli istifadəsini təmin edəcək, üzümçülüyün inkişafına əhəmiyyətli töhvələr bəxş edəcəkdir. Gələcəkdə respublikamızın müxtəlif təbii-iqtisadi bölgələrində də zonal kolleksiya bağlarının salınması aktual məsələdir. Bu kolleksiyalarda əsasən qiymətli yerli və introduksiya olunmuş üzüm sortları ilə yanaşı, yeni yaradılan seleksiya sortlarının toplanması və qiymət­ləndirilməsi olduqca vacibdir. Bu məsələlərin həlli respublikanın müxtəlif bölgələrinin torpaq-iqlim şəraitinə uyğun, müasir bazar rəqabəti ilə uzlaşan qiymətli üzüm sortlarının toplanmasına, müəyyən edilməsinə, yenilərinin yaradılmasına və gələcəkdə onlardan əkin materialı tədarük edib yeni fermer bağlarında geniş becərilməsinə təkan verəcəkdir. Göründüyü kimi, bu məsələlər ölkəmiz üçün təxirəsalınmaz tarixi bir hadisədir. Odur ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli 1890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”na əlavə olaraq Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.1.4 bəndində “Azərbaycan respublikası üzrə ənənəvi üzüm bitkisi genofondunun toplanması, uçotu, öyrənilməsi, qorunub saxlanılması və səmərəli istifadəsi məqsədi ilə müasir kolleksiya bağının yaradılması”  tədbirlərinin həyata keçirilməsi və “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının qanununun “Mədəni bitkilərin genetik ehtiyatlarının Milli kolleksiyaları” (11-ci maddə) maddəsində xalq təssərüfatı əhəmiyyətli, qiymətli və nadir bitkilərin qorunub saxlanılması məqsədilə kolleksiyaların yaradılması vacib məsələ kimi qarşıya qoyulmuşdur.
Üzümün biomüxtəlifliyinin qorunub saxlanmasının və davamlı istifadəsinin etibarlı təminatı yalnız ampeloqrafik kolleksiya bağlarıdır.
Kolleksiyaların təşkili  3 ardıcıl mərhələdən ibarətdir:1) üzüm genotipləri haqqında məlumatın toplanması; 2) üzüm sortlarının introduksiyası; 3) kolleksiyada üzüm sortlarının məqsədəuyğun yerləşdirilməsi (mənşəyinə görə- yerli və introduksiya olunmuş; seleksiya mənşəyi və genetik strukturu; ekoloji-coğrafi qrupu; istifadə istiqaməti üzrə-süfrə, texniki, kişmiş və universal; yetişmə müddətinə görə-ən tez, tez, orta, gec və çox gec).
Kənd Təsərrüfatı Nazirliyinin 29 may 2003-cü il  tarixli, 117 №-li əmri ilə ET Tərəvəzçilik İnstitutunun Abşeron rayonu ərazisində yerləşən torpaqlarından ET Üzümçülük və Şərabçılıq İnstitutuna 22 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin 15 hektarında Azərbaycanın müxtəlif bölgələrindən gətirilmiş qiymətli aborigen və xarici mənşəli üzüm sortlarından ampeloqrafik kolleksiya bağı salınmışdır.
Ampeloqrafik kolleksiya bağının genişləndirilməsi və zənginləşdirilməsi məqsədilə respublikamızın Quba-Xaçmaz, Lənkəran-Astara, Abşeron (qobustan ərazisi) bölgələrində yayılmış yabanı üzüm formaları, o cümlədən Beyləqan, Füzuli, Gəncə, Şabran, Göy-göl, Salyan, Abşeron rayonları və  Naxçıvan bölgəsində əkilib-becərilən bir sıra yerli və introduksiya olunmuş üzüm sortları toplanaraq kolleksiyaya daxil edilmişdir.
Hal-hazırda Abşeron ampeloqrafik kolleksiya bağında 320-dən çox yerli və introduksiya olunmuş üzüm sortları becərilir. Burada yetişdirilən süfrə və texniki istiqamətli aborigen üzüm sortlarından Bayanşirə, Mədrəsə, Şamaxı mərəndisi, Gəncə
qara keçiməməsi, Qırmızı səabi, Çəhrayı səabi, Ağ şanı, Qara şanı, Ala şanı, Xalac, Abşeron gəlinbarmağı, Ağ oval kişmiş, Qara kişmiş, Girdə kişmiş və bir çox başqaları Azərbaycan üzümçülüyü üçün ənənəvi olan, olduqca qiymətli və nadir sortlardır.         İntroduksiya olunmuş üzüm sortları arasında isə ən qiymətliləri Rkasiteli, İzabella, Kardinal, Çəhrayı tayfı, Səmərqənd kişmişi, Moldova və Muskat qrupu sortlarıdır.
Üzüm genofondunun aşkar olunması və toplanması üzrə tədqiqatlarımız əsasən iki isti­qamətdə- yerli və introduksiya olunmuş üzüm sortlarının və yabanı üzüm formalarının aşkar olunması, toplanması və kolleksiyaya daxil edilməsi üzrə həyata keçirilərək, genofond zənginləşdirilir. Ekspedisiya və tədqiqatlar zamanı aşkar olunmuş yerli üzüm sortlarının becərildiyi köhnə üzüm bağları, xırda kəndli-fermer, ev təsərrüfatları, həyətyanı sahələr və yabanı üzüm tənəklərinin yayıldığı ərazilər qeyd olunmuş, tənəklər etiketlənmiş və onların bəzi morfoloji-bioloji və immunoloji xarakteristikaları müəyyən edilmiş, məhsullarının mexaniki və kimyəvi tədqiqi (laboratoriya şəraitində) həyata keçirilmişdir.
Belə ki, Abşeron, Qarabağ-Mil, Naxçıvan bölglərində həyata keçirilən ekspedisiya tədqiqatları nəticəsində 50-dən çox azyayılan yerli üzüm sortları (Gavangir, Hacı Abbas, Fatmayı, Sarıgilə, Ala şanı, Abşeron xatınısı, Abşeron gəlinbarmağı, Göybəndam, Qara pişraz, Abşeron keçiməməsi, Abşeron kişmişi və ya Kor kişmiş, Yalançı şanı, Əliməmməd, Sıxsalxım, İkicinsli ağ şanı, İrigiləli ağ şanı, Uzunsov giləli ağ şanı, Ağ Beyləqanı, Büllur, Qızılı gəlinbarmaq, Qara quşürəyi, Gəlinbarmağı, Qızıl üzüm, Qarağat üzümü, Arı üzümü, Nübarı, Ağ Gavra, Sürməyi, Bəy üzümü, Quşürəyi, Kal üzüm, Qara Xəlili, Sahibi, Xəzani, Duzalı, Xatını, Sarı Aldərə, Talıbı, Zalxa, Calalı, Qırmızı səabi, Mərməri kişmiş, Xərci, Dik xərci, Naxçıvan çəhrayı kişmişi, Qırmızı kişmiş, Qara kişmiş, Gülabı, Şəfeyi, Qara inəkəmcəyi, Pişik üzümü, Qoç üzümü, Bənəniyar üzümü, Muxtarı, Əsgəri, Naxçıvan tayfısı, Misqalı, Hüseyni, Ağ Hüseyni və s.) müəyyən edilərək, kolleksiyaya daxil edilmişdir.
Kolleksiya bağında həmçinin fillokseraya davamlı Amerika calaqaltıları və yabanı üzümün xəstəlik-zərərvericilər kompleksinə davamlı formaları becərilir.
Ampeloqrafik kolleksiya bağı yalnız üzüm genofondunun qorunub saxlanması məqsədinə xidmət etmir. İnstitut əməkdaşları burada becərilən üzüm sortları üzərində müxtəlif istiqamətdə tədqiqat işləri aparır, sortların təsərrüfat yararlılığını və iqtisadi səmərəliliyini öyrənir və perspektiv klon  variasiyaları seçərək yeni üzüm sortları yaradırlar.
Bildiyiniz kimi, son illər regionlarda üzümçülüyün inkişaf etdirilməsinə dövlət tərəfindən böyük əhəmiyyət verilir. Buna görə də özəl torpaq sahibləri üzüm bağlarının salınmasına maraq göstərirlər. Bağların salınması üçün əsasən xarici ölkələrdən gətirilən calaq əkin materialından istifadə olunur ki, bu da baha başa gəlməklə yanaşı yerli torpaq-iqlim şəraitinə uyğunlaşma və ekoloji təmizlik baxımından istənilən nəticəni vermir. Odur ki, yeni üzümlüklərin salınması üçün yerli əkin materialından istifadə etmək daha məqsədəuyğun və sərfəlidir.
            Özəl üzümçülük təsərrüfatlarını yerli şəraitə uyğun olan, yüksək keyfiyyətli calaq üzüm əkin materialı ilə təmin etmək məqsədilə İnstitut əməkdaşları kolleksiya üzüm bağında tinglik işinə başlamış və hər il yerli və introduksiya olunmuş perspektiv üzüm sort və formalarından 150 mindən çox özkökü üstə cə calaq-ting yetişdirirlər.
Tinglik işini üzümçülüyün müasir tələblərinə uyğun qurulması üçün ÜŞETİ-nin Təcrübə Təsərrüfatlarında fillokseraya davamlı calaq-ting istehsalı məqsədilə çalaq kompleksinin qurulması, o cümlədən calaqüstü və calaqaltı anaclıq bağlarının salınması vacibdir. Qeyd edək ki,  “Üzümçülük və Şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 1-ci bəndində göstərildiyi kimi, xəstəliklərə və zərərvericilərə davamlı calaqaltı və calaqüstü əkin materialları müvafiq elmi-tədqiqat müəssisələrində və ya müqavilə şərtləri ilə elmi-tədqiqat müəssisələrinin nəzarəti altında ixtisaslaşdırılmış tingçilik təsərrüfatlarında istehsal olunmalıdır.
Hal-hazırda Abşeron ampeloqrafik kolleksiya bağında bir sıra həlli vacib problemlər mövcuddur. Belə ki, kolleksiya bağı ərazisində daimi su mənbəyinin olmaması səbəbindən üzümlüklərin vaxtlı-vaxtında suvarılmasında çətinliklər yaranır. Sahədə sub-artezian quyusunun qazılması bu problemi həll edə bilər.
Kolleksiya bağı yerləşən torpaq sahəsinin bəzi yerlərində qrunt sularının üzə çıxması torpağın şoranlaşmasına, nəticədə isə tənəklərin quruyub məhv olmasına gətirib çıxarır. Bunun qarşısını almaq üçün sahədə üstüörtülü drenaj kanalı çəkilməlidir.
Kolleksiya bağını yaxınlıqda otarılan mal-qaradan qorumaq üçün bağı hasarlamaq lazımdır.
Bağda çalışan fəhlələrin fasilə zamanı istirahətini təmin etmək üçün kiçik bina tikilməlidir. Həmçinin anbar və gözətçi otağına da ehtiyac var.

Comments are closed