Əsas fəaliyyət istiqamətləri

Üzümçülük və Şərabçılıq ET İnstitutunun elmi fəaliyyəti haqqında

Рисунок2Xalqımızın milli sərvəti olan üzümçülük və şərabçılığın inkişaf etdirilməsi, bu sahədə elmi kadrların, peşəkar mütəxəssislərin hazırlanması və onların ixtisaslarının artırılması ümum dövlət və xalq mənafeyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın qiymətli şərab və üzüm sortlarının qorunub saxlanması, fillokseraya davamlı üzüm sortlarının yaradılması, rəqabətə davamlı yüksək keyfiyyətli süfrə şərablarının, tünd içkilərin istehsalı və ixrac potensialının yüksəldilməsi beynəlxalq standartlara uyğun olaraq elmi əsaslarla həyata keçirilməlidir.

Hazırda üzüm tinglərinin xaricdən gətirilməsi olduqca baha başa gəlir, iqtisadi cəhətdən sərfəli deyil, Yerli üzüm sortlarının sınaqdan çıxarılaraq və valyuta ehtiyatlarının xaricə axınına, xəstəliklərin yayılmasına səbəb olur.

Xaricdən gətirilən tinglərin yerli şəraitə uyğunlaşması elmi əsaslarla həll edilməlidir. Alim və mütəxəssislərin bu işə cəlb edilməsi məqsədəuyğundur. İdxal olunan spirtli içkilərin fiziki, kimyəvi, orqanoleptik göstəriciləri müəyyən olunaraq ekspertizadan keçirilməli, bu sahədə ixtisaslaşmış elmi laboratoriyaların rəyi nəzərə alınmalıdır.

Üzüm bağlarında xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılmasına və səmərəli kimyəvi preparatların seçilməsinə xüsusi diqqət yetirilməlidir. Bu tədbirlərin həyata keçirilməsində və üzüm emalı müəssisələrinin yenidən qurulmasında, texnoloji proseslərin aparılmasında Üzümçülük və Şərabçılıq ET İnstitutunun alim və mütəxəssisləri yaxından iştirak edə bilər.

Üzümçülüyün və şərabçılığın elmi əsaslarla müasir səviyyədə inkişaf etdirilməsi təmin olunaraq elmi kadrların hazırlanması və onların ixtisaslarının artırılması vacibdir.

Üzümçülük və Şərabçılıq ET İnstitutunun maddi-texniki bazası möhkəmləndirilərək sahənin elmi əsaslarla inkişaf etdirilməsi üçün İnstitutun təcrübə təsərrüfatlarında fillokseraya davamlı calaqaltılardan və itmək təhlükəsi olan Azərbaycanın qiymətli üzüm sortlarından anaclıq bağlar salınaraq calaq əkin materialı istehsal edən tinglik təsərrüfatları və calaq emalatxanalarının yaradılması nəzərdə tutulur.

Yeni növ içkilərin istehsalı, müasir texnologiyaların öyrənilməsi, elmi- tədqiqat nəticələrinin sınaqdan keçirilməsi üçün ÜŞETİ-nun təcrübə təsərrüfatlarında kiçik emal  gücünə malik olan müəssisənin yaradılması məqsədəuyğundur.

Azərbaycanda üzümçülüyün və şərabçılığın müasir səviyyədə inkişaf etdirilməsi məqsədilə nüfuzlu beynəlxalq təşkilatlarla (OIV və FIVS), elmi mərkəzlərlə, institutlarla əlaqələrin genişləndirilməsi vacibdir.

Azərbaycanın qiymətli üzüm sortlarının qorunub saxlanması, əhalinin ekoloji təmiz üzüm məhsulları ilə fasiləsiz təmin olunması məqsədilə aşağıda qeyd olunan elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulmuşdur:

  • Respublikada üzüm genofondunun zənginləşdirilməsi və qorunub saxlanması, aborigen və introduksiya olunmuş üzüm sortlarının, yabanı üzüm formalarının    öyrənilməsi, müxtəlif istiqamətlərdə istifadə edilən yüksək keyfiyyətli, xəstəlik və zərərvericilərə (fillokseraya) davamlı sort və hibridlərin yaradılması, differensial becərmə texnologiyalarının işlənib hazırlanması;
  • Beynəlxalq standartların tələblərinə cavab verən şərab, şampan, konyak və digər tünd içkilər, şərab distilyatları, alkoqolsuz üzüm məhsulları və Azərbaycana məxsus brendlərin istehsal texnologiyasının tədqiq edilməsi və təkmilləşdirilməsi;
  • Ekoloji təmiz kişmiş və mövüc istehsalı üçün yüksək tezlikli avadanlığın tətbiqi ilə süni qurutma texnologiyasının təkmilləşdirilməsi;
  • Üzümün təzə halda istifadə müddətinin uzadılması məqsədilə soyuducularda uzun müddət saxlanma texnologiyasının yerli şəraitə uyğun işlənib hazırlanması;
  • Üzüm bağlarında xəstəlik və zərərvericilərə qarşı mühafizə sisteminin təkmilləşdirilməsi, yeni pestisidlərin sınağının aparılması;
  • Yüksək keyfiyyət göstəricilərinə malik tez və gec yetişən, xəstəliyə və şaxtaya davamlı yeni üzüm sortlarının yaradılması və öyrənilməsi;
  • Respublikada üzümün genetik ehtiyatlarının öyrənilməsi, toplanması, qiymətləndirilməsi və davamlı istifadəsi;
  • Regionlar üzrə üzümün becərmə texnologiyalarının işlənib hazırlanması, optimal yük normasını müəyyənləşdirilərək məhsuldarlığa və şərabın keyfiyətinə təsir edən amillərin öyrənilməsi;
  • Azərbaycanda yetişdirilən üzüm sortlarının aqrobioloji və təsərrüfat- texnoloji xüsusiyyətləri ilə istehsal olunan şərabların fiziki, kimyəvi, orqanoleptik göstəriciləri arasında əlaqələrin öyrənilməsi;
  • Dövlət reyestrinə daxil edilmiş üzüm sortlarının calaqaltı və calaqüstü kombinasiyalarının affinitet xüsusiyyətlərinin öyrənilməsi, calaq əkin materiallarının istehsalı üsullarının təkmilləşdirilməsi.

Azərbaycan Elmi-Tədqiat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru,

“Şərabçı mütəxəssislər” İctimai Birliyinin sədri,

Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının həqiqi üzvü,

“ITER VITIS” (“Üzümlük yollan”) Avropa Mədəni Marşrutlar Assosiasiyasının üzvü

Comments are closed