Maraqlı faktlar

Üzümün faydaları

Bazar iqtisadiyyatı şəraitində əhalinin üzümə olan tələbatının ödənilməsi nöqeyi-nəzərindən üzümçülüyün inkişaf etdirilməsi çox vacibdir.

Üzüm qiymətli kənd təsərrüfatı bitkisidir. «Həyata yol üzümdən keçir» qədim roma zərb məsəli üzümün insan həyatında zəruri qida kimi roluna bariz misaldır. Üzüm tənəyini insanların min illər bundan qabaq mədəni şəkildə becərildiyi məlumdur. Üzüm meyvələrinin gözəl dada, təravətli ətrə, yüksək keyfiyyətə və məhsulunun geniş istifadə imkanlarına malik olması insanların diqqətini həmişə cəlb etmişdir.

Təzə halda üzüm yüksək dad və qidalılıq qabiliyyətinə malik olan məhsuldur. Tam yetişmə zamanı üzüm meyvəsində 65-85% su, 15-25% qlükoza və fruktoza şəklində insan orqanizmi tərəfindən asan mənimsənilə bilən şəkərlər təşkil edir. 1 litr üzüm şirəsində 480-1280 kkal enerji vardır ki, bu da insanın bir günlük qida rasionunun 20-30%-nə bərabərdir. 1 kq qurudulmuş üzümdə (kişmiş və mövücdə) isə təxminən 3250 kalori enerji olur. Bundan başqa üzümdə insan orqanizmi üçün vacib olan fermentlər, vitaminlər (C, B1, B2, A, P və s.), amin turşuları, digər üzvi turşular (alma, şərab, kəhraba, qarışqa, turşəng, salisil turşusu və s.), mineral maddələr və kül elementləri, az miqdarda azotlu maddələr, asetatlar, mürəkkəb efirlər, mumlar, yağlar və s. vardır. Vitaminlərdən üzümdə 10 qr xam maddə olmaqla: karotin (A) – 0,02 – 0,12 mq, tiamin (B) – 0,25- 1,25 mq, riboflavin (B2) – az miqdarda, askorbin turşusu (C) – 0,43-12,2 mq, adermin (B6) – az miqdarda, sitrin (P) vardır. 1 l üzüm şirəsi kaloriliyinə görə 1,7l südə, 650 q ətə, 1 kq balığa, 300 q qoyun pendirinə, 500 q çörəyə, 3-5 yumurtaya, 1,2 kq kartofa, 3,5 kq pomidora, 1,5 kq alma, armud, yaxud şaftalıya ekvivalentdir. Ümumiyyətlə, ədəbiyyat məlumatlarından üzümün tərkibində 350-yə qədər qeyri-üzvi və üzvi maddələrin mövcud olduğu məlum olur.

Üzüm gilələrinin tərkibindəki quru maddə üzvi birləşmələrin (qlükoza, fruktoza, üzvi və mineral turşular, pektin maddələri, aşı və rəngləyici maddələr, aromatik və azot birləşmələri – zülallar, amin turşuları, amid turşusu, ammonium duzları, çox az miqdarda nitratlar, yağlar (toxumda), fermentlər, vitaminlər – B1, B2, C, PP, P və s.) toplusundan ibarətdir.

Təzə halda üzüm gilələri 30%-ə qədər asan mənimsənilən şəkərlər (qlükoza, fruktoza), mineral duzlar (kalium duzları – 235 mq, kalsium duzları – 45 mq, natrium duzları – 26 mq, fosfor duzları – 22 mq və az miqdarda manqanlı, kobaltlı, dəmirli duzlar) və s. birləşmələrlə zəngindir.

Üzüm salxımlarının ayrı-ayrı elementlərinin (gilə, daraq, toxum, qabıq, lət) özünəməxsus biokimyəvi xüsusiyyətləri var­dır. Su daraqda 55-80, qabıqda 60-80, toxumda 25-50, lətdə 60-90%, azotlu birləşmələr daraqda 0,7-2,0; qabıqda 0,8-2,0; toxumda 0,8-1,2; lətdə 0,2-1,4%, kül elementləri daraqda 1-2; qabıqda 0,5-1,0; toxumda 1,2-2,9; lətdə 0,2-0,6% təşkil edir. Şəkər əsasən lətdə (5-23%) toplanır, çox az miqdarda isə qabıqda müşahidə olunur. Yağlar daraqda müşahidə olunmasa da, qabıqda 0,1; toxumda 10-24; lətdə 0,2-0,5% miqdarında toplanır. Dabbaq və rəngləyici maddələrə lətin tərkibində rast gəlinməsə də, daraqda 1,2-5,4; qabıqda 0,5-4,0; toxumlarda 2-8% miqdarında toplanır. Lətdə alma turşusu 0,1-1,5; şərab turşusu isə 0,4-1,0% arasında dəyişir. Azotsuz birləşmələrin isə daraqda 2,1; qabıqda 20,0; toxumda 19,0; lətdə 10,2 – 40,0% həcmində olduğu müəyyən edilmişdir.

Üzüm təzə halda istifadə olunmaqla yanaşı, müxtəlif növ: süfrə, tünd, desert, şampan şərabları, konyak, üzüm sirkəsi, üzüm arağı, eləcə də kişmiş, mövüc,  bəhməz, abqora, təbii üzüm şirəsi, üzüm konsentratı, doşab, kompot və mürəbbə kimi müxtəlif alkoqollu və alkoqolsuz məhsulların hazırlanmasında istifadə olunur.

Üzümçülük və şərabçılıq sənayesinin tullantılarının emalının da xalq təsərrüfatında böyük əhəmiyyəti vardır ki, onlardan sabun, poliqrafiya, kimya, şəkər, toxuculuq sənayelərində istifadə olunur. Üzümün toxumundan yağ və kofe istehsal edilir. Oduncağından isə xalq təsərrüfatında xüsusi alıcılığa malik məişət mebelləri düzəldilir.

Yuxarıda qeyd edildiyi kimi, üzümün xalq təsərrüfatında istifadə dairəsi çox genişdir.

Şərab və şərab məhsullarının müalicəvi əhəmiyyətli olması ən qədim zamanlardan məlumdur. Üzüm şərabları müalicəvi əhəmiyyətinə görə endoterapiyada olduqca perspektivlidir. Üzüm şirəsinin turşuluğu (pH 2,6-3,3) mədə şirəsinin pH-na (2-2,5) yaxındır. Bu da insan orqanizmində mədə-bağırsaq sisteminin normal işləməsini təmin edən amildir. Digər tərəfdən, üzüm şirəsində asan mənimsənilən şəkər əzələ sistemi, xüsusən də ürək əzələsi üçün qiymətli qida maddəsidir. Üzüm şirəsi və bəhməzi bakteriosid təsirinə görə insan orqanizmində yaranan bəzi yoluxucu xəstəliklərin qarşısının alınmasında müvəffəqiyyətlə istifadə oluna bilər. Üzümün qeyd edilən mühüm ərzaq və müalicəvi əhəmiyyəti nəzərə alınaraq, tibb institutlarında xüsusi fənn kimi vinikologiya (üzüm və üzüm məhsulları ilə müalicə) tədris edilir. Hələ XIII əsrdə Ordubadda “Şəfa” müalicə ocağında qanazlığı və mədə-bağırsaq xəstəliklərinin müalicəsində yalnız üzüm məhsullarından istifadə etmişlər. Naxçıvanın qədim yerli Şəfeyi üzüm sortu adını məhz bu mənbədən götürmüşdür.

Üzümün tərkibindəki şəkərin, müxtəlif üzvi turşuların, mineral duzların, pektin maddələrinin, vitaminlərin, fermentlərin, fitonsidlərin, asetalların və digər bu kimi maddələrin hər birinin insan orqanizminə ozünəməxsus təsiri və faydası vardır.

Qeyd edək ki, üzüm və ondan alınan bəzi məhsullar vasitəsilə insan orqanizmində maddələr mübadiləsinin xarakterini dəyişmək, habelə onun qidalanma zəifliyini və patoloji vəziyyətlərini aradan qaldırmaq mümkündür.

Şəkərlər toxumaların oksigenə olan tələbatının ödənilməsinə imkan yaratmaqla, bakteriyalara və mikroorqanizmlərə qarşı bakterisid təsirə malikdir. Üzüm bağırsaq və qaraciyərdə toplanan zəhərli maddələri zərərsizləşdirir, qanda sidik cövhərini azaldır və orqanizmdə duzların toplanmasına mane olur. Üzüm meyvələrinin tərkibindəki kalium kationları insan orqanizmində toxumalara suyun çatdırılmasına, fosfor və kalsium boyüməyə, dəmir isə qan-damar sisteminin işinə və oksidləşmə prosesinə effektiv təsir göstərir. Kalsium kationları həmçinin orqanizmdə sinir sisteminin, əzələ toxumasının fəaliyyətini və qanın koaqulyasiyasını tənzimləyir. Üzvi turşular orqanizmdə neytrallaşma prosesini (turşu-qələvi bərabərliyi) nizama salır. Üzümə gözəl dad verən amin turşuları isə orqanizmin sağlamlığı üçün yararlı olmaqla yanaşı, onu gümrah saxlayır. Aşı maddələr inkişafın, tənəffüs prosesinin və maddələr mübadiləsinin aktivləşməsinə kömək edir.

Üzüm sirəsini çox vaxt ana südü ilə müqayisə edirlər. Bir sıra alimlərin fikrinə görə, üzüm şirəsi tərkibcə ana südünə çox yaxındır. Ona görə də inkişafdan qalmış uşaqlara təzə üzüm şirəsinin verilməsini tövsiyə edirlər. Üzüm şirəsi həmçinin qan dövranını və təzyiqi tənzimləyir və onun təbii norma halında qalmasını təmin edir. Plevrit və bronxit, mədə şirəsinin yüksək tursuluğu, babasil, böyrək daşı xəstəlikləri, vərəmin ilkin mərhələsində, ürək, böyrək, qaraciyər ağrılarında, qanazlığı, angina, habelə əsəbilik zamanı üzümdən müalicəvi vasitə kimi istifadə edilə bilər.

Şəkərli diabet, bütün kəskin xəstəliklər, mədə xorası, stomatit (ağız boşluğunun selikli qişasının iltihabı), xroniki vərəm, xroniki ishal, piylənmə zamanı üzüm meyvələrinin və şirəsinin qəbulu məsləhət deyil. Üzüm meyvələrinin və şirəsinin müalicə üçün istifadə üsulu heç də çətin deyil. Bunun üçün insanların 3-6 həftə müddətində çoxlu miqdarda üzüm meyvəsi və ya şirəsindən istifadə etmələri nəzərdə tutulur. İstifadə edilən üzüm gilələri təmiz yuyulmalı, qabığı və toxumu kənarlaşdırılmalı, ləti yaxşı çeynənilməlidir. Müalicə müddətində spirtli içkilərin, yağlı yeməklərin, südün, qatığın, mineral suların qəbulu dayandırılmalıdır. Üzümün ilkin qəbul dozası az miqdarda olmalıdır. Təzə üzüm səhər yeməyindən 2-3, günorta yeməyindən isə 1-2 saat qabaq qəbul olunmalıdır.

Üzümün gündəlik qəbul norması birinci gün 100 qram, ikinci gün 200 qram, sonrakı günlərdə isə müntəzəm artırılaraq 2 kq-a gədər çatdırılmalıdır (müalicə 3-6 həftə davam etdirilməlidir). Sonra bu norma miqdarı tədricən yenidən 100 qrama qədər endirilməlidir. Qısa fasilədən sonra müalicə kursu təkrarlanmalıdır. Bu zaman gündəlik doza üzüm şirəsi üçün 1,2 litr, meyvəsi üçün isə 2 kq həcmində olmalıdır.

Qeyd edək ki, müalicəvi xüsusiyyət bütün üzüm sortlarına məxsusdur. Uzümün meyvələri ilə yanaşı, ondan hazırlanan alkoqolsuz içkilər, konsentratlar, üzüm kompotu, cem, mürəbbə, üzüm sirkəsi, doşab, hətta şərablar da dietik və müalicəvi əhəmiyyətə malikdir. Bu baxımdan iş şəraiti ağır və orqanizm üçün zərərli olan müəssisələrin, habelə sanatoriyaların, xəstəxanaların, uşaq evlərinin yemək menyularına yuxarıda qeyd edilən üzüm məhsullarının daxil edilməsi məsləhətdir.

Üzüm şərabları müəlicə əhəmiyyətinə malikdir. Ağ süfrə şərabları sidikqovucu təsirə malikdir, qırmızı süfrə şərabları insanı gümrahlaşdırır, şirin sərablar isə yaxşı qidalandırır. Tünd sərab içmək yeməyin daha tez həzm olunmasını təmin edir, mədə-bağırsaq sistemindəki zərərli mikrobları öldürür.

Bununla yanaşı elə xəstəliklər (xroniki qastrit, mədə-bağırsaq xorası, qaraciyər xəstəlikləri) vardır ki, o zaman insanların alkoqollu içkilər qəbul etmələri qəti qadağandır. Həmçinin elə insanlar vardır ki, onlarda alkoqolizmə genetik meyl mövcuddur. Belə nəsildən olan insanların spirtli içkiləri qəbul etmələri ağır sonluqlarla nəticələnir. Bir çox alimlərin məlumatlarına görə, insanların gündəlik 25-50 qram şərab qəbul etməsi orqanizmin fəaliyyətinə normal təsir edir, ona fayda verir.

Üzüm doşabı bədəni yumşaldır, ona istilik və quruluq verir. Qızıl yel, dəri şişləri, qızarma, təzə yaraların şişməsi, qızdırma ilə müşayiət olunur. Baş ağrısını, qaşınma və həşərat dişləmələrini sirkə ilə müalicə etmək olar. Üzümün yarpaqları antiseptik, soyuqluğu götürmə, qanyaradıcı, habelə yaraları tez sağaltmaq qabiliyyətinə də malikdir. Qadınların müəyyən bir dövrdə üzümün qurudulmuş yarpaqlarından (2-4 qram) qanyaradıcı vasitə kimi qəbul etmələri məsləhətdir. Yarpağın həlimi və sulu cövhərindən angina zamanı boğazı yaxalamaq və dəri xəstəlikləri zamanı isə dərini yumaq üçün istifadə edilə bilər. İrinli yaraları və mədə yarasının sağalmasını sürətləndirmək üçün doğranmış üzüm yarpaqlarından istifadə etmək məsləhətdir.

Üzüm yarpaqları keçmişdə müalicəvi vasitə kimi ishalın, ürək xəstəliklərin, diş və qarın ağrılarının, qanaxmaların müalicəsində istifadə olunurdu.

– Üzüm yarpaqlarının dəmləməsi öskürək zamanı yaxşı kömək edir – bəlğəmi duruldur və nəfəs yollarından çıxmasına kömək edir. Dəmləməni hazırlamaq üçün 5-7 təzə üzüm yarpağının üzərinə 1 stəkan qaynar su əlavə olunur və 30 dəqiqə ərzində dəmlənilir. Dəmləməni gün ərzində ilıq vəziyyətdə qəbul etmək lazımdır.

– Həmçinin belə dəmləmə qanda şəkərin səviyyəsini aşağı salmağa kömək edir.

– Üzüm yarpaqları antimikrob təsirinə malikdir. Üzüm yarpaqlarının çeynəməsi ağız boşluğunda mikrobların sayını azaldır, pis qoxunu aradan qaldırır, kariesin və damaq iltihabların riskini azaldır.

– Üzüm yarpaqlarının dəmləməsi damaqları möhkəmləndirir və bu səbəbdən həssas damaqların müalicəsində yaxşı kömək edir. Dəmləmə ilə gün ərzində bir neçə dəfə ağız boşluğunu qarqara edin.

– Ürəkbulanması zamanı üzüm yarpağını çeynəyin – bu xoşagəlməz hissləri azaldır. Bu xüsusilə toksikozdan əziyyət çəkən hamilə qadınlar üçün aktualdır.

– İshal zamanı da üzüm yarpaqlarının dəmləməsi yaxşı müalicəvi təsir edir, bağırsaqları “yığır”.

– Üzüm yarpaqlarının dəmləməsi varikoz xəstəliyi zamanı da kömək edir – damarların divarlarını möhkəmləndirir, ayaqlarda ödemləri azaldır. Bunun üçün dəmləmədə tənzif isladıb ayaqlara qoymaq lazımdır.

– Xalq təbabətində üzüm dəmləməsi podaqra zamanı da istifadə olunur (həm daxilə, həm də islatmalar şəklində).

– Babasildən əziyyət çəkən insanlar üzüm yarpağının dəmləməsi ilə vannalar (oturaq vəziyyətdə) edə bilər və ya düyünlər nahiyəsinə dəmləmədə isladılmış tənzif qoyub bir qədər saxlaya bilər.

– Üzüm yarpaqlarından hazırlanmış çay çox xeyirlidir. Çay hazırlamaq üçün 2-3 təzə yarpaq götürüb üzərinə 1 fincan qaynar su əlavə edin, 15 dəqiqə ərzində dəmləyin və için. Belə çay antioksidant maddələrlə zəngindir. Antioksidant maddələr orqanizmdə gedən qocalma prosesləri ləngidir, orqanizmdən ziyanlı maddələri xaric edir. Çayın dadını yaxşılaşdırmaq üçün zövqə görə bal və limon əlavə etmək olar.

– Üzüm yarpaqları dəri üçün də çox faydalıdır. Onlar üz dərisini cavanlaşdırır, yumşaldır, yağlı dəridə məsamələri kiçildir. Maska hazırlamaq üçün üzüm yarpaqlarını blenderdə xırdalayın, 1 çay qaşığı limon şirəsi və 1 çay qaşığı bal əlavə edin və təmiz üz dərisinə çəkin. 20 dəqiqə saxlayın və ilıq su ilə yuyun.

Cavanlaşdıran maska: blenderdə xırdalanmış üzüm yarpaqları + 1 çay qaşığı ərik yağı + hərəsindən 5 damcı A və E vitaminləri. Yaxşı qarışdırın və təmiz üz dərisinə 20 dəqiqə ərzində saxlayıb ilıq su ilə yuyun və istənilən qidalandırıcı krem çəkin.

Göründüyü kimi, üzüm bitkisinin xalq təsərrüfatında, xüsusilə də təbabətdə əhəmiyyəti böyükdür.

Comments are closed