Tingçilik

“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”  ilə əlaqadar respublikada 50 000 ha yeni üzümlüklərin salınması nəzərdə tutulur.  “Dövlət Proqramı”ı ilə əlaqadar nəzərdə tutulan yeni üzümlüklərin salınması  məqsədlə əkin sxemindən asılı olaraq orta hesabla 111 milyon 100 min üzüm tingi tələb olunur. Yeni üzmlüklər fillokseraya davamlı, bioloji və fitosanitar baxımdan təmiz calaq tinglərdən salınmalıdır.  Bunun üçün yeni yaradılacaq üzümçülük təsərrüfatlarını qiymətli yerli və introduksiya olunmuş üzüm sortlarından ibarət fillokseraya davamlı calaq-üzüm əkin materilaı ilə təmin etmək məqsədilə calaq-ting istehsalı kompleksinin yaradılması və fillokseraya davamlı yüksəkkeyfiyyətli və məhsuldar ting istehsalının təşkili vacibdir.

Respublika üzümçülüyündə çox vacib və həlli çətin problemlərdən olan fillokseraya davamlı sortların əkin sahələrinin genişləndirilməsidir. Əsas üzümçülük bölgələrində tənəklərin bu zərərverici ilə yoluxması, məhsuldarlığın kəskin surətdə azalmasına, məhsulun keyfiyyətinin pisləşməsinə, üzümlüklərin məhv olmasına səbəb olur. Belə bir vəziyyətdən  çıxış yolu fillokseraya  davamlı Amerika növlərinə calaq olunmuş əkin materialının istehsalına keçməkdir. Bu respublikada üzümçülüyün inkişafı üçün təxirəsalınmaz tədbirlərdən biridir. Bunun üçün  ÜŞETİ-nin  təcrübə  təsərrüfatlarında  fillokseraya  davamlı calaqaltılardan, rayonlaşdırılmış calaqüstü üzüm sortlarından anaclıq bağlar salınaraq ildə 1-2 mln. ədəd calaq-əkin materialı istehsal edən calaq emalatxanası yaradılmalıdır. Qeyd edək ki, “Üzümçülük və Şərabçılıq haqqındaAzərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 1-ci bəndində göstərildiyi kimi, xəstəliklərə və zərərvericilərə davamlı calaqaltı və calaqüstü əkin materialları müvafiq elmi-tədqiqat müəssisələrində və ya müqavilə şərtləri ilə elmi-tədqiqat müəssisələrinin nəzarəti altında ixtisaslaşdırılmış tingçilik təsərrüfatlarında istehsal olunmalıdır. Bu məsələlər həmçinin öz növbəsində Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli, 1890 nömrəli sərəncamı ilə təsdiq etdiyi  “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planında da  “məhsuldar, fillokseraya davamlı və rayonlaşdırılmış üzüm sortlarının tinglərindən istifadənin stimullaşdırılmasına dair təkliflərin hazırlanmasının” (bənd 2.4.5.) və “mövcud tingçilik müəssisələrinin inkişaf etdirilməsi, yeni belə ixtisaslaşdırılmış təsərrüfatların və calaq üzüm tingi istehsal edən emalatxanalarının yaradılmasının dəstəklənməsi” (bənd 2.4.6.)  qarşıya vacib məsələ kimi qoyulmuşdur.

Filloksera zərərvericisi üzüm bitkisinin ən qorxulu zərərvericilərindən biridir. Hər hansı bir üzümçülük ölkəsində fillokseranın günclü inkişaf etdiyi və yayıldığı dövrdə  bütün üzümlüklər məhv ola bilər. Fillokseranın yayıldığı ilk illərdən başlayaraq ona qarşı bir sıra mübarizə tədbirləri: karantin, radikal, kimyəvi, üzümlüklərin qumlu torpaqlarda becərilməsi və s. işlənib hazırlanmışdır.            Fillokseraya qarşı uzun illər yuxarıda göstərilən mübarizə üsullarından heç biri bu problemini həll edə bilməmişdir. Ona görə də alimlər Amerika tənəklərindən calaqaltı kimi istifadə olunması təklifini irəli sürdülər. Çünki amerika calaqaltı sortları fillokseraya (kök fillokserasına) davamlıdırlar. Öz kökü üstə bitən Avropa-Asiya, o cümlədən Azərbaycan sortları fillokseraya çox davamsızdır. Azərbaycanın bütün bölgələri (Abşeron bölgəsi istisna olmaqla) filloksera ilə sirayətlənmiş zonalar hesab edilir və bu əzazilərdə öz kökü üstə bitən tinglərdən üzümlüklərin salınması təhlükəlidir. Filloksera Azərbaycanda 1925-ci ildə Qazax rayonunda qeydə alınmış, sonralar Ağstafa, Şəmkir, Gəncə, Xanlar rayonlarında müşahidə edilmişdir. Bir qədəq vaxtdan sonra isə filloksera respublikanın aran, dağətəyi və dağlıq rayonlarına qədər yayılmışdır.

Azərbaycan Respublikasında da filloksera zərərvericisinə qarşı yeganə mübarizə üsulu kimi üzümlüklərin calaq üzüm tingi ilə salınması üsulu seçilmişdir. 1958-ci ildə Ağstafa və Xanlar rayonlarında tinglik təsərrüfatları təşkil edilmişdir. 1970-1979-cu illərdə Respublikanın qərb və digər regionlarında fillokseranın geniş yayılması ilə əlaqədar olaraq Bolqarıstan və Yuqoslaviya ölkələrindn əkin materialı gətirilirdi. Amma əkin materialı təmiz sortlu olmamaqla yanaşı özü ilə bir sıra xəstəlik və zərərvericilər də gətirirdi. Nəticədə yeni salınan üzümlüklərdə müxtəlif sort qarışığına yol verilir, aşağı keyfiyyətli az məhsuldar sortlar əkilirdi. Göstərilən nöqsanları aradan qaldırmaq, üzüm tinginə olan tələbatı ödəmək məqsədi ilə üzüm tingi yetişdirən sovxozlar tresti təşkil olunmuşdur. Həmin dövrdə Qazax, Ağstafa, Tovuz və Ağdərə rayonlarında hər birinin 5 milyon ədəd calaq tingi istehsal gücünə malik olan tinglik kompleksləri yaradılmışdır. Respublikada mülkiyyətə münasibət məsələlərinin pozulması və aqrar islahatların həyata keçirilməsi ilə əlaqədar olaraq üzümlüklərlə yanaşı üzüm tingliyi təsərrüfatları da məhv edilmişdir. Hal-hazırda calaq üzüm tingi istehsal edən bir təsərrüfat da olsun qalmamışdır.

Hal-hazırda dünyanın bir sıra ölkələrində (Almaniya, Fransa, İtaliya, Serbiya və s.) fillokseraya davamlı calaq-üzüm əkin materilaının istehsalı və ixracı ilə məşğul olan böyük şirkətlər, müəssisələr faliyyət göstərir. Üzümlüklərin bir hissəsi öz kökü üzərində yetişdirilmiş tinglərlə, bir hissəsi isə Avropa ölkələrindən gətirilmiş calaq əkin materialı ilə əkilir. Respublikaya gətirilmiş üzüm sortlarının əksəriyyəti sınaqdan keçirilməmiş, yoxlanılmamış əkilir ki, bu da üzümlüklərin virus xəstəliyi ilə sirayətlənməsinə və  yerli üzüm genofondunun məhvinə gətirib çıxara bilər. Buna görə də yeni üzümlüklərin salınması üçün yerli üzüm sortlarından ibarət calaq əkin materialı istehsal edən tinglik təsərrüfatlarının inşası vacib məsələlərdən biridir. Bunun üçün ÜŞETİ-nin müsir laboratoriyalarının gücündən istifadə etmək olar. Xaricdən ting gətirmək sahibkarlara olduqca baha başa gəlir və milli valyutanın xaricə axmasına səbəb olur. Respublikaya ilbəil xarici mənşəli tinglərin gətirilməsi yerli sortların sıxışdırılması ilə nəticələnir. Digər tərəfdən, çox vaxt virus xəstəliklərinin daşıyıcısı olan xarici əkin materialı yerli sortların həmin xəstəliklərə yoluxmasına təhlükə yaradır. Respublikanın torpaq-iqlim şəraitinə uyğun olan qiymətli yerli üzüm sortlarından calaq edilmiş tinglərin istehsalını genişləndirməklə xarici mənşəli üzüm tinglərinin ölkəyə idxalının azaldılmasına, yerli üzüm sortlarının qorunmasına və sortların bioloji və fitosanitar təmizliyi probleminin tənzimlənməsinə nail olmaq olar. Yaranmış problemi həll etmək üçün müasir texnologiyaların tətbiqini təmin edən avadanlıqla təchiz olunmuş calaq emalatxanalarının və tinglik təsərrüfatlarının təşkil edilməsi təxirəsalınmaz tədbirlərdən biridir.

Üzümçülük və Şərabçılıq ET İnstitutunun tinglik sahəsi
Üzümçülük və Şərabçılıq ET İnstitutunun ampeloqrafik kolleksiya bağı

Bu məsələ ölkəmiz üçün aktuallıq kəsb etdiyindən bu istiqamətdəki tədqiqatlar həmişə institutun prioritetində diqqət mərkəzində olmuşdur. Üzüm genofondunun, o cümlədən onların  karantin xəstəliklərindən qorunması, ölkəmizin təbii-iqtisadi bölgələrinə uyğun üzüm sortlarından ibarət ting istehsalını həyata keçirməklə, tingə olan təlabatın yerli istehsal hesabına ödənilməsini təmin etməklə müvafiq xərclərin azaldılması, milli valyutanın xaricə axımının qarşısının alınması və s. kimi məsələlər qarşıda duran vəzifələrdir. Konkret mühit şəraitində calaq kompenentlərinin seçilməsi, müəyyən edilməsi yalnız laboratoriya və tarla şəraitində birbaşa eksperiment yolu ilə həyata keçirilməlidir. Bu səbəbdən də, respublikamızın hər bir üzümçülük bölgəsi üçün yüksək məhsuldar üzümlüklərin yaradılması ilə əlaqadar olaraq calaqaltı və calaqüstünün affiniteti və calaq komponentlərinin bioloji xüsusiyyətləri və təbii şərait nəzərə alınmaqla  ən yaxşı kombinasiyalar müəyyən edilməli və bu barədə elmi tövsiyələr hazırlanmalıdır.

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu alimlərinin müxtəlif  calaqaltıların öyrənilməsi istiqamətində apardıqları tədqiqatalr nəticəsində Azərbaycan torpaq-iqlim şəraitinə uyğun calaqaltı material istehsal etmək üçün yararlı olan fillokseraya davamlı altı Amerika calaqaltı sortu seçilmişdir. Həmin  sortlar aşağıdakılardır:

  1. Berlandieri x Riparia Kober 5 BB
  2. Berlandieri x Riparia CO – 4
  3. Berlandieri x Riparia Draqoşan – 37
  4. Berlandieri x Riparia Telekri 5 C
  5. Berlandieri x Riparia Kreçunel – 2
  6. Berlandieri x Riparia Rixter – 57

Lakin qeyd edilən Amerika calaqaltılarının müxtəlif sortlarla calağın uyğunlaşma qabiliyyəti sortdan, bölgənin torpaq-iqlim şəraitindən, calaqaltıdan, calaq prosesindən və s. amillərdən asılı olaraq müxtəlifdir. Ona görə aşağıdakı tədqiqat istiqamətləri prioritet təşkil edir:

  • Rayonlaşdırılmış yerli və introduksiya olunmuş süfrə və texniki üzüm sortları ilə fillokseraya davamlı perspektiv calaqaltıların kombinasiya qabiliyyətinin və uyğunluğunun müyyənləşdirilməsi;
  • Hər bir bölgə və hər bir sort üçün amerika calaqaltılarının müəyyən edilməsi;
  • .yeni filloksreraya davamlı calaqaltıların introduksiyası və qiymətləndirilməsi;
  • Yerli üzüm sortlarının qorunub saxlanılması və çoxaldılması məqsədilə yerli sortlardan ibarət fillokseraya davamlı calaq əkin materialını istehsalının təşkili.
  • Keyfiyyətli calaqaltı əkin materialının istehsalı məqsədilə müəyyən edilmiş fillokseraya davamlı Amerika sortlarından ibarət calaqaltı anaclıq bağının salınması;
  • Azərbaycanın qiymətli yerli üzüm sortlarının qorunub saxlanılması, artırılması və keyfiyyətli əkin materialının istehsalı məqsədilə calaqüstü anaclıq bağının salınması.
  • elmi tədqiqat müəssələrində uzun illər işlənib, hazırlanmış innovasiya yönümlü filokseraya davamlı calaq-üzüm istehsalı texnologiyalarının həyata keçirilməsi,  yayılması və tətbiqi ilə məşğul olan ixtisaslı mütəxəssislər çatışmır.
  • Istehsalçıların arasında yerli üzüm sortlarından ibarət calaq-üzüm tinglərindən istifadənin təbliği və stimullaşdırılması;
  • Ildə bir milyon ədəd fillokseraya davamlı, yerli üzüm sortlarından ibarət məhsuldar calaq üzüm tingi istehsal etməklə yeni üzüm bağlarının salınması üçün fermerlərə təklif edilməsi.
  • Yeni istehsal edilmiş fillokseraya davamlı yerli üzüm sortlarından ibarət yüksəkməhsuldar calaq-üzüm tinglərindən ibarət nümayiş bağlarının salınması;
  • İstehsalçıların məlumatlandırılması məqsədilə istehsal olunan məhsul haqqında internet səhifəsinin yaradılması,tövsiyyə xarakterli kitabça, broşura və bukletlərin nəşr edilb, yayımlanması.

Hər il Üzümçülük və Şərabçılıq ET İnstitutunun Təcrübə təsərrüfatlarında rayonlaşdırılmış və perspektiv üzüm (yerli və xarici) sortlardan ibarət çalaq olunmuş (10 minə qədər) və öz kökü üzərində bitən 200 min ədədə qədər üzüm əkin materialı əkilib-becərilir və fermer təsərrüfatlarına tövsiyə olunur.

Buna baxmayaraq respublikamızda keyfiyyətli və fillokseraya davamlı calaq-üzüm tinginə olan təlabatı ödəmək üçün ÜŞETİ-nin bazasında müasir tipli calaq emalatxanasının və anaclıq bağlarının (calaqaltı və calaqüstü) salınması vacibdir.

Üzümçülük və Şərabçılıq ET İnstitutunun təsərrüfatlarında 2017 -ci ildə istehsalı nəzərdə tutulan üzüm tinglərin siyahısı

  1. Ağ şanı
  2. Qara şanı
  3. Təbrizi
  4. Novrast
  5. Mədrəsə
  6. Bayanşirə
  7. Xindoqnı
  8. Ağ kişmiş
  9. Çəhrayı kişmiş
  10. Rkasiteli
  11. Moldova
  12. Mahmudu
  13. İtaliya (Muskat)
  14. Mərəndi
  15. İlhami
  16. Şamaxı hədiyyəsi
  17. Ağadayı
  18. Qara kişmiş
  19. Azəri
  20. Göy-göl
  21. Bəhrəli
  22. Şirəli
  23. Kəpəz
  24. Gəncəvi
  25. Emin
  26. Həməşəri
  27. Qırmızı kişmiş
  28. Sentenial
  29. Attika
  30. Sultanina
  31. Prima
  32. Red qlob
  33. Izabella
  34. Amerika calaqaltı

Comments are closed