Üzümün Aqrotexnikası Şöbəsi

Üzümün aqrotexnikası şöbəsi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu yarandığı gündən bir şöbə kimi fəaliyyət göstərir. Respublikada üzümçülüyün inkişafında müstəsna xidmətlərə malik bu şöbədə ayrı-ayrı bölgələrdə:

-üzüm sortlarının seçilib yerləşdirilməsi

-üzüm bağlarının salınması,

-yerli şəraitə uyğun formaların (yelpik, kardon, sərilən və s.) verilməsi

-üzümlüklərin becərilməsi

-aqrotexniki tədbirlərin mövsüm üzrə yerinə yetirilməsinə dair fermer, fərdi üzümçülük təsərrüfatlarında işlərin aparılmasına dair tövsiyələr və əməli fəaliyyətlər həyata keçirilir.

Üzümün aqrotexnikası şöbəsinin fəaliyyəti dövründə:

-müxtəlif bölgələrdə süni və əlavə tozlanmanın üzümün məhsuldarlığına və keyfiyyətinə təsiri

-üzümülüklərə formaverilmədə bölgələr üzrə tətbiq olunan yüksək, ştamblı, gencərgəli formaların verilməsi,

-yamaclarda üzümlüklərin salınması, ona uyğun aqrotexniki tədbirlərin işlənib hazırlanması

-məhsuldarlığın artırılması üçün geniş tədqiqat işləri aparılmışdır.

Bundan başqa ayrı-ayrı bölgələr və üzüm sortları üzrə yük normasının verilməsi, bölgələr üzrə üzüm bağlarının salınması hər bölgəyə uyğun aqrotexniki tədbirlərin aparılması üçün texnoloji xəritələrin tətbiqini həyata keçirir.

Üzümçülükdə çox vacib aqrotexniki tədbir olan tənəyə yük normasının verilməsi:

-xüsusilə bu tədbirlərin sortun biologiyasına,

-bölgənin torpaq-iqlim şəraitinə,

-üzümlüklərin əkin sxeminə,

-əkin yerinə, məhsulun istifadə istiqamətinə,yüksək və keyfiyyətli məhsula uyğun aparılması və müvafiq sortlar üzrə optimal yük normalarının müəyyən edilməsi üzümün aqrotexnikası şöbəsində daim prioritet tədqiqat istiqaməti olaraq diqqətdə saxlanılır.

Uzun illərdən bəri Abşeron şəraitində və digər bölgələrdə sərilən formada kortəbii becərilən, heç bir formavermə əməliyyatları aparılmayan bağlarda yeni formaların verilməsi, bölgəyə uyğun müvafiq formaların tətbiqi qaydaları işlənib hazırlanmışdır.

Məhşur Ağ şanı və Qara şanı sortlarına yük normasının verilməsi, süni və əlavə tozlanmanın həyata keçirilməsi üçün geniş tədqiqatlar aparılmış, elmi əsaslandırılmış tövsiyələr işlənib hazırlanmışdır.

Üzümçülük və Şərabçılıq ET İnstitutunda yaradılmış, beynəlxalq prizə layiq görülümüş Azəri üzüm sortu, o cümlədən digər yeni hibrid üzüm sortlarının (Göy-göl, Bəhrəli, Şirəli, Gəncəvi, Şamaxı hədiyyəsi, İlhami və s.) bölgələr üzrə düzgün yerləşdirilməsi, onlara uyğun becərilmə texnologiyasının, o cümlədən optimal yük normasının müəyyən edilməsi istiqamətində işlər daim institutun tematik mövzularda aktuallıq kəsb edir və şöbədə mütamadi həyata keçirilir. Respublikamızda əhalinin təlabatına uyğun üzümlüklərin salınması zamanı üzümün aqrotexnikası şöbəsi çevik olaraq daha məhsuldar, bazar rəqabətinə davamlı, daşınmaya, saxlanmaya və istehlaka daha yararlı sortların əkilib-becərilməsində daim əməli təkliflər verir.

Şöbənin əməkdaşları fermer və istehsalçıların müraciəti əsasında bölgələrdə üzüm bağlarının salınmasında, becərilməsində elmi-təcrübi xidmət göstərirlər. Məsələn, şöbə əməkdaşları Monolit, Marvelle və s. üzümçülük təsərrüfatlarının üzüm bağlarının becərilməsində istehsalçılara yaxından kömək göstərirlər. Şöbədə süfrə və texniki istiqamətli yerli və introduksiya olunmuş üzüm sortları üzrə tədqiqatlar aparılaraq, respublikanın müxtəlif ekoloji bölgələrinə introduksiya olunmuş üzüm sortlarının perspektivliyinin qiymətləndirilməsi və onların becərmə texnologiyalarının müəyyən edilməsi işlərini də həyata keçirmişdir. Üzümlüklərdə son zamanlar təbii gübrələrin geniş yayılması ilə əlaqadar olaraq “biohumusun” tətbiqinə dair və onun üzümün məhsuldarlığına və keyfiyyətinə təsirinin öyrənilmiş, müsbət nəticələr əldə olunmuşdur. Alınmış nəticələrin praktiki əhəmiyyəti nəzərə alınaraq alınmış nəticələr əsasında məqalə nəşr etdirilmişdir. Üzümçülük sahəsində bir çox layihələrin işlənib hazırlanmasında üzüm bağlarının salınması üçün layihə smeta sənədlərinin tərtib olunmasında şöbədə mühüm işlər aparılır. İstifadə istiqaməti müxtəlif olan texniki və süfrə sortlarının becərilmə texnologiyalarının tətbiqinə geniş yer verilir. Bir çox bölgələrdə ayrı-ayrı sortlar üzrə 25-ə yaxın sortun introduksiya olunmuş üzüm sortunun differensial aqrotexnikaya əsaslanaraq optimal yük norması təyin edilərək fermer təsərrüfatlarında tətbiqinə nail olunmuşdur. Üzümçülüyün inkişafı ilə əlaqadar olaraq ölkəmizə introduksiya olunmuş üzüm sortlarının yerli şəraitə uğurlu adaptasiyası məqsədilə müxtəlif formalar və yük normaları sınaqdan çıxarılmışdır və optimal modellər müəyyən edilmişdir. Həmçinin bu sortları becərən fermerlərə tövsiyələr verilmişdir.

Üzümçülüyün son zamanlarda olan inkişafı ona daha elmi cəhətdən əsaslandırılmış aqrotexniki tədbirlər sisteminin tətbiqini tələb edir. Bu baxımdan şöbədə üzümçülükdə differensial aqrotexnikanın tətbiq olunmasına dair geniş tədqiqatlar aparılır. Bu tədqiqatların və differensial aqrotexnikanın tətbiqinin üstün cəhətləri ondan ibarətdir ki, ayrı-ayrılıqda aparılan aqrotexniki tədbirin səmərəsi açıq aşkar özünü büruzə verir. Məhsuldarlığın nəzərəçarpacaq dərəcədə artırılmasına səbəb olan aqrotexniki qulluq işləri müəyyən edilir və iqtisadi səmərəsi olmayan lazımsız aqrotexniki qulluq işləri aradan çıxarıldığı üçün daha yüksək gəlir əldə edilir. Bu da fermerlər üçün daha maraqlıdır. Ümumiyyətlə, Üzümçülük və Şərabçılıq ET İnstitutuna, o cümlədən üzümün aqrotexnikası şöbəsinə müraciət edən hər bir üzümçü fermer, fərdi təsərrüfat sahibi geniş və dolğun məlumat almaq şərəfinə nail ola bilər.

 

AXLILI-3 DSC00943 IMG_2492 IMG_2504 SAM_1954 SAM_1978 SAM_2009

Comments are closed